
ABB İnnovasiya 12-17 yaş aralığında olan şagirdlər üçün 24-28 avqust tarixlərində Dreamland ərazisində 5 günlük Riyaziyyat Düşərgəsi təşkil edib.
Düşərgə çərçivəsində 23 şagird, müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, praktiki yanaşmalar əldə etmək və müxtəlif öyrənmə fəaliyyətlərində iştirak etmək imkanı qazanıb.
Düşərgə müddətində iştirakçılar riyaziyyat dərsləri ilə yanaşı, sahibkarlıq mövzusunda keçirilən sessiyalarda, müxtəlif workshoplarda, komanda fəaliyyətlərində və interaktiv məşğələlərdə iştirak ediblər.
Workshoplar çərçivəsində şagirdlər komanda yoldaşları ilə birlikdə gündəlik həyatda müşahidə etdikləri problemlər əsasında müxtəlif startup ideyaları formalaşdırıb, bu ideyaların həlli istiqamətində çalışıblar. Bu fəaliyyətlər vasitəsilə iştirakçılar analitik düşünmə, komanda işi, problem həll etmə və innovativ yanaşma bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Düşərgənin sonunda iştirakçılara proqramı uğurla tamamladıqlarını təsdiq edən sertifikatlar təqdim olunub.
ABB İnnovasiya bu təşəbbüslə gənclərin riyazi düşüncə, analitik yanaşma, sahibkarlıq və gələcəyin texnoloji istiqamətləri üzrə bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.
ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün rəsmi veb-saytı və sosial media hesablarını izləyə bilərsiniz.