
ABB İnnovasiya və Tenity-nin birgə təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Bakıda “Caspian Innovation Circle” tədbiri keçirilib.
Baku ID çərçivəsində baş tutan dəvət əsaslı tədbir Qafqaz və Mərkəzi Asiya regionlarında innovasiya ekosisteminin inkişafında rol oynayan korporativ liderləri, startap təsisçilərini, investorları, maliyyə institutlarının nümayəndələrini və digər ekosistem iştirakçılarını bir araya gətirib.
“Caspian Innovation Circle” ənənəvi konfrans formatından fərqli olaraq panel müzakirələri və geniş proqram əvəzinə iştirakçılar arasında birbaşa ünsiyyət, fikir mübadiləsi və yeni peşəkar əlaqələrin qurulmasına yönəlmiş networking formatında təşkil olunub.
Tədbirdə bank və maliyyə sektorunun rəhbər şəxsləri, sığorta, telekommunikasiya və pərakəndə satış kimi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin innovasiya komandaları, startap təsisçiləri, investorlar və investisiya fondlarının nümayəndələri, eləcə də Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan ekosistem iştirakçıları bir araya gəlib.
Gecə ABB İnnovasiya və Tenity nümayəndələrinin açılış çıxışları ilə başlayıb, daha sonra iştirakçılar üçün sərbəst networking və tanışlıq imkanı yaradılıb.
ABB İnnovasiya ölkədə texnologiya və innovasiya sahəsində aparıcı şirkətlərdən biri olaraq, rəqəmsal həllərin inkişafı, texnoloji layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi və yeni nəsil texnologiya bacarıqlarının formalaşdırılması istiqamətində fəaliyyət göstərir.
Tenity fintech və innovasiya sahəsində fəaliyyət göstərən qlobal inkubator və erkən mərhələ investorudur. Şirkət müxtəlif beynəlxalq mərkəzlər vasitəsilə startaplar, korporasiyalar və investorlarla əməkdaşlıq edir.
ABB İnnovasiya gələcəkdə də innovasiya ekosisteminin inkişafına töhfə verən təşəbbüsləri dəstəkləməyə, yeni əməkdaşlıqlar üçün imkanlar yaratmağa və ekosistem iştirakçılarını bir araya gətirməyə davam edəcək.
ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün rəsmi veb-saytı və sosial media hesablarını izləyə bilərsiniz.