
ABB İnnovasiya MMC-nin təşkilatçılığı, ABB Tech Akademiyası və Train Brain Center-in əməkdaşlığı ilə 13-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş NASA ASTRO CAMP® proqramı həyata keçirilib. 28-30 avqust tarixlərində Bakı şəhərində yerləşən SABIS SUN International School-da keçirilən 3 günlük intensiv STEM proqramı iştirakçılara kosmos elmləri, mühəndislik, robototexnika və FIRST Robotics Competition (FRC) prinsipləri üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb.
Proqramda ümumilikdə 15 iştirakçı iştirak edib. Üç gün ərzində iştirakçılar NASA mövzulu praktiki tapşırıqlar, komanda layihələri və mühəndislik fəaliyyətləri üzərində çalışıblar. Təlim müddətində onlar real robot sistemləri və mühəndislik modelləri ilə işləyərək problem həlli, məntiqi düşünmə, komanda işi və texniki yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.
NASA ASTRO CAMP® çərçivəsində iştirakçılar FIRST Robotics Competition formatı, komanda rolları və yarış strategiyasının əsas prinsipləri ilə tanış olub, robotların hərəkət sistemlərinin və elektron komponentlərin qurulması, robotların idarə edilməsi, kosmik tədqiqatlara əsaslanan STEM fəaliyyətləri və müxtəlif mühəndislik tapşırıqlarında iştirak ediblər. Həmçinin iştirakçılar kosmik formalaşmaların vizual modellərinin hazırlanması, planetlərin səthlərinin analizi, kainatın genişlənməsinin modelləşdirilməsi, xəritələndirmə və model raketin hazırlanması kimi praktiki fəaliyyətlər həyata keçiriblər.
Proqramın açılış mərasimində Train Brain Center nümayəndələri və ABB Tech Akademiyasının Akademiya və Təlim Proqramları üzrə Meneceri Sevda Babayeva tərəfindən çıxışlar edilib. Təlim müddətində iştirakçılar mentorların rəhbərliyi ilə komanda şəklində çalışaraq əldə etdikləri bilikləri praktiki layihələrdə tətbiq ediblər. NASA ASTRO CAMP® proqramının yekununda ABB İnnovasiya MMC-nin baş direktoru Həsən Eminov və Train Brain Center rəhbəri Təranə Nəbiyeva tərəfindən bağlanış nitqləri səsləndirilib.
Bağlanış mərasimindən sonra proqramı uğurla tamamlayan iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi keçirilib. İştirakçılara NASA tərəfindən akkreditasiya olunmuş rəsmi sertifikatla yanaşı, ABB İnnovasiya və Train Brain Center tərəfindən birgə sertifikatlar da təqdim olunub.
NASA ASTRO CAMP® proqramı yeniyetmələrə STEM istiqamətində praktiki biliklər qazanmaq, mühəndislik düşüncəsini inkişaf etdirmək və gələcəyin texnologiyalarını daha yaxından öyrənmək üçün imkan yaradıb.
ABB İnnovasiyanın layihələri və digər yenilikləri haqqında məlumatlı olmaq üçün vebsaytımızı və sosial media hesablarımızı izləməyə davam edə bilərsiniz.